06.04.2016
Tolerantlığın Azərbaycan modelindən faydalanmaq dövrün tələbinə çevrilib
Aprelin 6-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak və təşkilatın Azərbaycandakı nümayəndəsi Vahid Bayramovla görüşüb.
Qonaqlara Azərbaycanda dini durum barədə məlumat verən Səyavuş Heydərov qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. Bütün dinlərin nümayəndələri bərabərhüquqlu şəkildə fəaliyyət göstərir və bu baxımdan Azərbaycandakı mövcud dövlət-din münasibətləri modeli beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Dövlət Komitəsinin sədr müavini diqqətə çatdırıb ki, tolerantlıq ənənəsi xaricdən idxal edilməyib, o, xalqımızın gen yaddaşının məhsuludur və bu gün dövlət siyasətinin tərkib hissəsinə çevrilərək möhkəmlənməklə dünya miqyasında nümunəvi modellərdən biri səviyyəsinə yüksəlmişdir: “Müasir dövrdə dünyanın bir çox ölkəsində cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslər fonunda dini təhlükəsizlik məsələsi daha da aktuallaşıb. Bu səbəbdən artıq dini təhlükəsizlik Azərbaycanın dövlət təhlükəsizliyinin mühüm elementinə çevrilib. Ölkəmizdə təkcə dinlərarası deyil, məzhəblərarası fərqliliklər də multikulturalizmin tərkib hissəsi qəbul olunur. Şübhəsiz, multikulturalizmin və tolerantlığın Azərbaycan modeli düzgün istifadə olunacağı təqdirdə, digər ölkələrdəki dinlərarası və məzhəblərarası ixtilafların qarşısının alınmasına, sülhün təmin edilməsinə töhfə verə bilər”.
Səmimi görüşə görə minnətdarlığını bildirən qonaqlar Azərbaycandakı dövlət-din münasibətləri modelinin uğurlu nəticələrinin təkzibedilməz olduğunu bildiriblər. Qeyd edilib ki, bu model qorunub inkişaf etdirilməklə yanaşı, nəinki region dövlətlərində, bütün dünyada nümunəvi model kimi öyrənilməli və geniş mənada tətbiq olunmalıdır.
Görüşün sonunda sülh və barışa böyük ehtiyac duyulan müasir dünyada tolerantlığın Azərbaycan modelindən faydalanmağın dövrün tələbinə çevrildiyi vurğulanıb, onun dünyaya ixrac edilməsi üçün birgə layihələrin hazırlanaraq həyata keçirilməsinə dair razılıq əldə edilib.