20.06.2017
“Tolerantlığın Azərbaycan modeli” mövzusu Şabranda müzakirə edilib
İyunun 20-də dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi və Şabran rayon Vələsli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Xıdır Zində” məscidində “Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol” layihəsi çərçivəsində “Tolerantlığın Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Fuad Şahbazov icra olunan layihə ilə əlaqədar məlumat verib. O bildirib ki, bu layihə vasitəsilə Şabran rayonunun bir sıra kəndlərində və Şabran şəhərində insanlara İslam dininin əsl mahiyyəti açıqlanıb, Azərbaycanda mövcud olan tolerant həyatın əhəmiyyəti izah olunub.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxışında qeyd edib ki, 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması bir daha onu sübut edib ki, dünyanın qarışdığı və məzhəblərarası gərginliyin hökm sürdüyü bir dövrdə ölkəmizdə bu baxımdan tam sabitlikdir. IV İslam Həmrəyliyi Oyunlarının da məhz Azərbaycanda yüksək səviyyədə keçirilməsi İslam həmrəyliyinin Azərbaycan modelini dünyaya bir daha nümayiş etdirməklə yanaşı, dünya dövlətlərini birliyə və bərabərliyə səsləmiş oldu.
Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov çıxışında dövlət-din münasibətlərinə toxunaraq Azərbaycanda mövcud vəziyyətin bütün dünya dövlətləri üçün əsaslı nümunə olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan dövləti son illərdə çox sayda məscid, sinaqoq və kilsəni tikərək, yenidən bərpa edərək dindarların ixtiyarına verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.