Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.10.2019

Suraxanıda din xadimləri və gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili" mövzusunda tədbir keçirilib. DQİDK, RİH və Gənclər və İdman İdarəsinin nümayəndələri, din xadimləri, dini icma sədrləri, eləcə də rayonun aktiv gənclərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev rayondakı dini durumun sabit olduğunu deyib. RİH başçısının birinci müavini onu da bildirib ki, Suraxanı ərazisində 12 məscid və 1 ziyarətgah fəaliyyət göstərir.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov çıxışında tədbirin əhəmiyyətindən danışıb. Amil Bağırov dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin önəminə toxunaraq, gənclər arasında maarifləndirmə işlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, gənclərlə din xadimlərinin birgə iştirakı ilə tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlətin mənəvi dəyərləmizə diqqət və qayğısından da danışan sədr müavini Gündüz İsmayılov deyib ki, xalqımızın özünəməxsus milli-mənəvi dəyərlər sistemi və adət-ənənələri mövcuddur. Sədr müavini bu dəyərlərimizə zərbə vurmağa çalışan, gəncləri öz təsir qüvvəsi altına salmaq üçün cəhdlərin olduğunu vurğulayıb. Gündüz İsmayılov bu cür cəhdlərin qarşısının qətiyyətlə alındığını diqqətə çatdırıb: “Hər bir şəxs, o cümlədən gənclərimiz milli-mənəvi dəyərlərimizi uca tutmalıdır. Onlar yad dini ideologiyaların təsirinə məruz qalmamalıdırlar”,- deyə DQİDK-nın sədr müavini əlavə edib.

Gündüz İsmayılov təəssüflə vurğulayıb ki, günümüzdə dini radikalizm və dinin siyasiləşdirilməsi kimi hallara rast gəlinir. Dövlət Komitəsinin sədr müavini deyib ki, Azərbaycanda da dinin siyasiləşdirilməsinə və məzhəbçiliyin təbliğinə cəhdlər edilsə də, bu cəhdlərin heç bir perspektivi yoxdur. Onun sözlərinə görə, müsəlmanın məzhəbi ola bilər, amma müsəlman məzhəbçi ola bilməz. Natiq bildirib ki, problem məzhəblərin olması deyil, bəzi müsəlmanların məzhəbçi olmasıdır. İslam bütün məzhəblərin fövqündə dayanır. Deməli, məzhəb təəssübkeşliyi din təəssübkeşliyindən üstün olmamalıdır.

Sədr müavini onu da vurğulayıb ki, İslam dini sülh, əmin-amanlıq, inkişafa, elmə və təhsilə böyük önəm verən dindir. İslamda dini radikalizm və xurafat elementləri yoxdur.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları və fikirləri dinlənilib.