19.04.2018
Sumqayıtda “Zəfərin təntənəsi: aprel döyüşləri” mövzusunda tədbir keçirilib
Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhəri 35 saylı tam orta məktəbdə “Zəfərin təntənəsi: aprel döyüşləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, məktəbin direktoru Nüşabə Seyfullayeva, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçılarına Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Məktəbin direktoru N. Seyfullayeva bildirib ki, aprel döyüşləri zamanı xalqımız düşmənə bir daha sübut etdi ki, tarixən olduğu kimi indi də Vətəni qoruyan qəhrəman oğulları var, gələcəkdə də olacaqdır. O qeyd edib ki, formalaşmaqda olan gənc nəsil aprel qəhrəmanlarını özlərinə nümunə kimi görürlər.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev vurğulayıb ki, “Şəhadət” sənədli filmindən də göründüyü kimi, zərərli ideologiyalar insanları fəlakətə sürükləyir, analar gözü yaşlı qalır, atalar çarəsiz vəziyyətə düşür. Milli-mənəvi dəyələrimizə söykənməyən dini düşüncələrin gətirdiyi başqa bəlalardan söz açan natiq çıxışının sonunda qeyd edib ki, öz doğma torpaqları, mənəvi dəyərləri uğrunda şəhid və qazi olanlar daima xalqın yaddaşında yaşayacaqlar.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.