01.11.2017
Sumqayıtda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir olub
Noyabrın 1-də “Uşaq hüquqları aylığı” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhəri “Cümə” məscidində tədbir keçirilib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov çıxış edərək uşaq hüquqlarının müdafiəsi və bu sahədə dövlətin atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Qeyd edib ki, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb.
“Cümə” məscidi dini icmasının sədri və axundu Rauf Sərdarov İslamda ailə və övlad münasibətləri barədə danışıb, bu mövzudakı Quran ayələrini şərh edib. Bildirib ki, uşaqların sağlam, milli, dini dəyərlərimizə sadiq, vətənpərvər ruhda böyüməsi üçün hər birimiz yorulmadan çalışmalıyıq.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov “Ailə sosiologiyası və uşaqların sağlamlığı” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanda uşaq hüquqları ilə bağlı qəbul olunan qərarlar, milli-mənəvi dəyərlərimizdə və onun əsas tərkib hissələrindən olan İslamda uşaq hüquqlarına münasibətdən danışıb.
Tədbirin sonunda valideynlərin sualları cavablandırılıb, uşaqların ifasında şeirlər səsləndirilib.