Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.11.2016

Sumqayıtda “Tolerantlıq - dinlər və millətlərarası dialoqun təminatçısı” mövzusunda tədbir keçirilib

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt  bölgəsi  üzrə  şöbəsinin təşkilatçılığı ilə Sumqayıt “Cümə” məscidində  “Tolerantlıq - dinlər  və  millətlərarası dialoqun təminatçısı” mövzusunda  tədbir  keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri  Şirin Cəfərov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, “Cümə” məscidinin axundu Rauf  Sərdarov, şəhərdə  fəaliyyət  göstərən müsəlman dini  icma  sədrləri, eləcə də “Sumqayıt Yəhudiləri dini icması”, “Molokan ruhani – xristian dini  icması”, “Bəhai” dini icması və “Həyat sözü -2” Sumqayıt xristian dini  icmalarının  nümayəndələri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Sumqayıt  bölgəsi üzrə  şöbəsinin müdiri Şirin Cəfərov ilk öncə  qarşıdan gələn 9 noyabr – Azərbaycan Respublikasının Dövlət  Bayraq günü və 16 noyabr Beynəlxalq  Tolerantlıq  günü münasibəti ilə tədbir  iştirakçılarını  təbrik edib.  O bildirib  ki, Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını biri-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu Öndər Heydər Əliyev və onun siyasi  kursunun davamçısı  ölkə  başçısı cənab İlham Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlərin, xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir.
Sumqayıt  Şəhər  İcra  Hakimiyyətinin nümayəndəsi  Fərman Kazımov da çıxış edərək tolerantlığın Azərbaycanın  dövlət siyasəti  olduğunu bildirib və bu mühitin qorunub saxlanılması üçün  görülən işlərdən  danışıb. Tolerantlığın  xalqımızın həyat  tərzi  olduğunu  bildirən  natiq bu nümunəvi  yaşam normasının başqa millətlərin və  dinlərin nümayəndələrinin iştirakı ilə  ölkəmizdə  keçirilən beynəlxalq  forumlar və  konfranslar vasitəsilə dünyaya  uğurla təqdim edildiyini qeyd edib.
Qafqaz  Müsəlmanları  İdarəsinin Şimal bölgəsi üzrə qazısı, “Cümə”  məscidinin axundu  Rauf  Sərdarov və  digər müsəlman dini  icma sədrləri, ilahiyyatçılar mövzu ətrafında  danışaraq   Azərbaycan xalqının tolerantlıq  düşüncəsinin həm də bu xalqın sahib olduğu İslam dininə inancından irəli gəldiyini  qeyd  ediblər. Vurğulanıb ki, insanlara qarşı dininə, dilinə,  milli  kimliyinə görə ayrı-seçkilik və  düşmənçilik münasibəti İslam dini nöqteyi-nəzərindən günah hesab edilir.
Tədbirdə  iştirak edən qeyri – İslam dini icmalarının nümayəndələri də  çıxış  edərək ölkəmizdə dini etiqad  azadlığının təminatından məmnunluqlarını  ifadə  ediblər, istər  əmək  fəaliyyətində,  istər  qonşuluq  münasibətlərində,  sosial həyatın hər hansı bir sahəsində özlərinə qarşı yad  münasibət hiss  etmədiklərini bildiriblər. Azərbaycan Respublikasının vətəndaşı  kimi suverenliyimizin qorunması və  dövlətçiliyin inkişafında öz  məsuliyyətlərini  dərk  etdiklərini diqqətə  çatdırıblar.