18.10.2017
Sumqayıtda “Şəhadət” sənədli filmi nümayiş olunub
Oktyabrın 18-də Sumqayıt Dövlət Texniki Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Sumqayıt Dövlət Texniki Kollecinin direktor müavini Mehman İsmayılov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Ülvi Məmmədov, Abdulla Hüseynov, eləcə də müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Mehman İsmayılov ilk öncə iştirakçıları Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib. Bildirib ki, müstəqilliyin və suverenliyin qorunub saxlanılması həm də milli, dini dəyərlərə sadiq, vətənpərvər ruhda gənc nəslin formalaşmasından asılıdır. Bu istiqamətdə aparılan maarifləndirmə işini yüksək qiymətləndirən natiq DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” filminin gənclərə dini radikalizmin mahiyyətini anlatmaq və onları zərərli dini düşüncələrin fəsadlarından qorumaq baxımından əhəmiyyətli olduğunu qeyd edib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov 18 oktyabr Dövlət Müstəqlliyi Günü və bu günün dövlətçilik tariximizdəki yerindən, eləcə də milli-dini birliyimiz üçün qarşıya çıxan təhdidlər, dini radikalizm və onun təbliğinə qarşı mübarizə sahəsində görülən işlərdən danışıb. Ü.Məmmədov bildirib ki, təqdim olunan “Şəhadət” sənədli filmi gənclərə yad və zərərli dini düşüncələrin cəmiyyət üçün nə qədər təhlükəli olduğunu göstərmək, onları azadlığımız və ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən oğullarımız kimi vətənpərvər ruhda tərbiyə etmək baxımından əhəmiyyət daşıyır.
Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov isə dini ekstremizm və onun mahiyyəti, dini radikalizmə qarşı mübarizə metodları barədə danışıb.
Filmin nümayişindən sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

.jpg)