22.02.2017
Sumqayıtda şagirdlərə “Fitnə” sənədli filmi nümayiş edilib
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, müəllim və şagirdlər iştirak ediblər.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev tədbir iştirakçılarına Azərbaycanda mövcud olan tolerantlıq ənənələrindən, milli-mənəvi dəyərlərimizin formalaşmasında əhəmiyyətli rol oynayan İslam dininin tarixən mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Daha sonra o, xalqımızın mənəvi sərvəti olan milli- dini ənənələrimizə, mənəvi zənginliyimizin tərkib hissəsi sayılan tolerantlığa zərbə vuran, ictimai-siyasi sabitliyi pozmaqla öz zərərli ideologiyalarını cəmiyyətimizə aşılamaq istəyən radikal dini cərəyanların ölkəmizdəki yayılma tarixi və onların fəaliyyəti haqqında məlumat verərək zərərləri barədə danışıb.
Filmin nümayişindən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.


.jpg)