24.04.2018
Sumqayıtda “Ölümsüz qəhrəmanlar: Aprel şəhidləri” mövzusunda tədbir keçirilib
Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 36 saylı tam orta məktəbdə “Ölümsüz qəhrəmanlar: Aprel şəhidləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, məktəbin direktoru Əli Musayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçılarına Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Məktəbin direktoru Ə. Musayev bildirib ki, şəhidlik zirvəsinə uca amallar uğrunda canından keçən, xalqını, Vətənini sevən, dövlətinin ərazi bütovlüyünü hər şeydən üstün tutanlar yüksəlirlər. Qeyd edib ki, hər bir Azərbaycan gənci də öz məsuliyyətini dərk etməli, Vətən üçün özünü fəda ednənlərin yolunu davam etdirməlidirlər.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev vurğulayıb ki, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz gənclərimiz üçün örnəkdir. Hər bir şagird, tələbə qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənib, qavramalıdır. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımız bizim qürurumuzdur. Dövlətimizin bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri, qəhrəmanlıqları ilə hər zaman yaddaşlarda yaşayacaqlar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.