Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.05.2016

Sumqayıtda “Narkomaniya – ağ ölüm” adlı maarifləndirici tədbir keçirilib

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt  şəhəri  10 saylı Peşə liseyində “Narkomaniya – ağ ölüm”  adlı  maarifləndirici tədbir keçirilib.
Tədris  müəssisəsinin direktor  müavini Akif  İmaməliyev tədbiri giriş sözü ilə açaraq  narkomaniyanın fəsadlarından və ona qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
DQİDK-nın Sumqayıt  bölgəsi üzrə  şöbəsinin əməkdaşı  Ülvi Məmmədov mövzunun olduqca aktual  olduğunu  qeyd edərək dövlətimizin prioritet  vəzifəsinin narkomaniya  və  bu kimi zərərli vərdişlərdən uzaq gənc  nəsil  yetişdirmək olduğunu bildirib. O deyib ki, məhz  bu zərurətdən çıxış edərək, mütəmadi olaraq ölkəmizin şəhər  və  kəndlərində  ayrı-ayrı  dövlət  qurumlarının təşəbbüsü  ilə   belə  mövzularda  maarifləndirici  tədbirlər keçirilir. Narkomaniyanın  insanı  ölümə, mənəvi böhrana aparan  faciə olduğunu  deyən natiq,  belə vərdişlərin  ailə,  cəmiyyət və  dövlət  üçün  təhlükəli  tərəflərini izah edib.
Sumqayıt  şəhəri  Narkoloji Dispanserin həkimi  Anar Cəlili   narkomaniya, onun insan  sağlamlığına  təhlükəsindən  geniş  söhbət  açaraq,  ölkəmizdə, eləcə də Sumqayıt  şəhərində  narkomaniya  ilə  bağlı hazırkı durumu özündə ehtiva  edən   statistik rəqəmləri diqqətə  çatdırıb.  Natiq  tədbirdə iştirak edən gənclərə  müraciət  edərək,  özlərini, dostlarını,  qohumlarını, yaxınlarını  narkomaniya adlı “ ağ ölümdən”  qorumağa  səsləyib.
Tədbirdə  iştirak  edən QMİ-nin  Şimal bölgəsi üzrə qazisi Rauf  Sərdarov narkomaniyanı özünəqəsd,  intihar  adlandıraraq bunun İslam dini baxımından  böyük  günah olduğunu bildirib. Qeyd edib ki, bəxş  edilən  canı insan Allahın əmanəti kimi bilməli  və  qorumalıdır.  
Tədbirin sonunda  iştirakçıların ünvanladığı  suallar  cavablandırılıb.