10.01.2018
Sumqayıtda “Milli-mənəvi dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda tədbir keçirilib
Yanvarın 10-da Sumqayıt şəhəri 14 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə məktəbin direktor müavini Mahirə Quliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəbin direktor müavini Mahirə Quliyeva milli-mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği istiqamətində gənclərlə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, gənc nəslin sağlam, savadlı və vətənpərvər ruhda inkişafı naminə yorulmadan fəaliyyət göstərmək lazımdır.
Dövlət Komitəsinin əməkdaşı Ülvi Məmmədov milli-mənəvi və dini dəyərlərimizin ictimai-fəlsəfi dünyagörüşü tariximizdəki yeri və rolu haqqında danışıb. O bildirib ki, zaman-zaman xalqımızın yaratmış olduğu bu dəyərlər sistemi cəmiyyətimizin azadlıqsevərlik, vətənpərvərlik, müasirliyə açıq, ayrı-ayrı mədəniyyətlərlə sabit birgəyaşayış tərzi kimi yüksək əxlaqi keyfiyyətlərində özünü daha aydın göstərir. Təsadüfi deyildir ki, dünyada tanınmış elm adamları, səyyahlar, siyasi xadimlər, ədiblər Azərbaycan və burada yaşayan insanların mədəniyyəti barədə yüksək fikirlər səsləndirirlər. Dünya səviyyəli elmi, mədəni konfransların, idman yarışlarının ölkəmizdə keçirilməsi bir daha bunu sübut edir.
Natiq, həmçinin dini radikalizm və onun fəsadları, zərərli dini cərəyanlar barədə də şagirdlərə məlumat verib.
Tədbirdə, eyni zamanda, DQİDK-nın sifarişi ilə çəkilən və Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr olunan “Şəhadət” sənədli filmi nümayiş olunub və şagirdlərin sualları cavablandırılıb.
.jpg)
.jpg)