11.05.2017
Sumqayıtda “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda tədbir keçirilib
Mayın 11-də Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış massivi məscidi “Vəhdət” dini icması tərəfindən “İslam həmrəyliyi - dini vəhdətə çağırış” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, dini icmanın sədri Eldar Ömərov, məscidin axundu Ələkbər Muradov, icma üzvləri, qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Eldar Ömərov qeyd edib ki, Azərbaycan xalqının sahib olduğu yüksək əxlaqi keyfiyyətlərin, o cümlədən milli, dini dəyərlərimizin qorunub saxlanılmasında, milli şüurumuzun formalaşmasında gənclər xüsusi rol oynayır. Cəmiyyətimizin mənəvi inkişafı, onun yad, zərərli dini, siyasi təsirlərdən qorunması üçün gənclərin üzərinə böyük məsuliyyət düşür.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov çıxış edərək bildirib ki, günümüzdə müsəlman ölkələrində sülh və əmin-amanlığın bərqərar olması, stabilliyin qorunub saxlanılması naminə həmrəyliyə nail olmağa həmişəkindən daha çox ehtiyac var. Din xadimləri öz çıxışlarında İslam dininin elm, irfan və humanizm kimi müsbət cəhətlərini daha çox qabartmalı, məzhəblərarası konflikt yarada biləcək hər hansı fikir və düşüncəni səsləndirməkdən çəkinməlidirlər. O, eləcə də qeyd edib ki, Azərbaycan Qərblə Şərqin kəsişməsində, fərqli sivilizasiyaların qovuşduğu məkanda yerləşməklə, tarixboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınıb. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində multikultural dəyərlər siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəlib, Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.