07.03.2017
Sumqayıtda “Fitnə” sənədli filmi nümayiş etdirilib
Martın 7-də Sumqayıt şəhəri 22 saylı tam orta məktəbdə “Fitnə” sənədli filmi nümayiş etdirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, məktəbin direktoru Tahirə Səforova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tahirə Səforova xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsi olan birgəyaşayış və həmrəylik prinsiplərinə günümüzdə nəinki bizim, dünyanın ehtiyacı olduğunu bildirərərək qeyd edib ki, gənclərin üzərinə düşən əsas vəzifələrdən biri yüksək təhsilə yiyələnməklə bu zəginliyi qoruyub saxlamaqdır.
Daha sonra DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev bildirib ki, ölkəmiz tarix boyu İslam mədəniyyətinin öndə gedən mərkəzlərindən biri olub və bu mədəniyyətin inkişafına öz töhfəsini verib. Dünyanın bir çox yerində dini zəmində baş verən münaqişələrə baxmayaraq cənab Prezidentin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyini dinləyicilərin diqqətinə çatdıran Y. Abdullayev qeyd edib ki, xalqımız bundan sonra da öz tolerant və multikultural dəyərlərinə söykənərək İslam birliyinə və mədəniyyətinə öz zənginliyini qatacaqdır. Y. Abdullayev ölkəmizdə dini mühitdəki sabitliyi pozmağa çalışan zərərli təriqətlərin fəaliyyəti haqda da məlumat verib.
Sonda DQİDK-nın sifarişi ilə çəkilən və dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilib.