04.11.2016
Sumqayıtda “Dini radikalizm və terror” mövzusunda maarifləndirici tədbir keçirilib
Noyabrın 4-də Sumqayıt şəhərində yerləşən Tarix muzeyində “Dini radikalizm və terror” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, DTX-nın Sumqayıt şəhər İdarəsinin şöbə müdiri Natiq Səmədov və əməkdaşı Orxan Nəsimiyev, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, həmçinin şəhərdə fəaliyyət göstərən tam orta məktəblərin direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov dövlət-din münasibətlərinin bugünkü vəziyyətindən, bu sahədə görülən işlərdən danışıb, eləcə də dünyada dini və milli zəmində baş verən münaqişələr, ölkəmizə qarşı olan dini təhdidlər haqqında fikirlərini bildirib. Bildirilib ki, bir çox müsəlman ölkələrində dini zəmində baş verən qarşıdurmalar, qanlı hadisələr bizləri narahat etməyə bilməz. Odur ki, cəmiyyətləri, dövlətləri belə faciələrə aparan dini radikalizm və dini ifratçılığın mahiyyətini başa düşmək və bu kimi zərərli dini təsirləri neytrallaşdırmaq üçün xüsusilə də maarifləndirmə işini genişləndirmək vacibdir.
Sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov dini radikallaşma meyilləri və onun təzahürü, radikal dini cərəyanların təbliğat üsulları barədə danışıb.
DTX-nın Sumqayıt şəhər İdarəsinin şöbə müdiri Natiq Səmədov isə çıxış edərək dini ekstremizm və radikalizmə qarşı mübarizənin qanunvericilik əsasları haqqında məlumat verib.