Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.11.2016

Sumqayıtda dini radikalizm və onun fəsadları müzakirə olunub

Noyabrın 25-də Sumqayıt şəhərində yerləşən Qubadlı rayon 2 saylı tam orta məktəbdə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov, məktəbin direktoru Yavər Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yavər Məmmədov tarix boyu formalaşan milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışaraq şagirdlərin də bu ruhda tərbiyə edildiyini bildirib.
Qubadlı RİH-in nümayəndəsi Elşən Qəhrəmanov çıxışında bildirib ki, Azərbaycanda multikulturalizm ənənələrinin kökü qədim tarixi keçmişə çıxır. Ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələri sülh şəraitində yaşayıb, vətənimiz ictimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə dözümlülük məkanı olub.
Daha sonra çıxış edən DQİDK-nın nümayəndəsi Yalçın Abdullayev radikal dini cərəyanlar haqqında danışaraq onların ölkəmizdə təbliğatlarının fəaliyyət istiqamətləri və təbliğat metodları haqqında məlumat verib. O bildirib ki, radikal dini cərəyanlar dövlətimizin dünyəvi xüsusiyyətini dəyişməyə, mövcud sabitliyi pozmağa, dini təfriqə yaratmağa, insanları təriqətlərə bölməyə, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qruplara və  silahlı dəstələrin tərkibinə cəlb etməyə cəhd göstərirlər. Lakin son zamanlar aparılan maarifləndirmə işlərinin və qanunvericilik bazasının təkmilləşdirilməsinin nəticəsində bu cür zərərli meyillərin qarşısı alınmaqdadır.
Tədbirin sonunda “Fitnə” filmi nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.