Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.12.2016

Sumqayıtda “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 21-də DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsi və Qubadlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hafiz Quliyev adına Çaytumas məktəb-liseyində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, Qubadlı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov, məktəbin direktoru Şamama Həsənova,  müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan E.Qəhrəmanov çıxış edərək bildirib ki, Azərbaycanda müxtəlif etnik və dini qruplar sülh şəraitində birgə yaşayırlar. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan milli-mənəvi dəyərlər əhəmiyyətli rol oynayıb.
Çıxış edən Y.Abdullayev dini radikalizm və ekstremizmin fəsadlarından, bu kimi halların qarşısının alınması yollarından bəhs edib. O bildirib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir.
Sonda çıxış edən Ş.Həsənova məruzəsində bildirib ki, gənclər elmə, təhsilə ciddi fikir verməli, hər sahədə məlumatlı olmalıdırlar ki, radikal dini təriqətlərin təmsilçilərinin yanlış təbliğatına aldanmasınlar. 
Tədbirin sonunda  DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.