08.10.2016
Sumqayıtda “Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirilib
Oktyabrın 7-də Sumqayıtda gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq “Azərbaycanda qeyri-ənənəvi və radikal dini cərəyanlar: təzahür formaları və fəaliyyət üsulları” mövzusunda konfrans keçirilib.
Konfransdan əvvəl iştirakçılar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” filminə tamaşa ediblər.
Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini, dini işlərin təşkilatçısı Fərman Kazımov, Sumqayıt şəhər Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov, 13 saylı məktəbin tarix müəllimi Rəşad Qocayev çıxış edərək, konfransın məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Çıxış edən natiqlər ölkədə mövcud ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılması istiqamətində görülən işlərdən, xalqımızın multikultural dəyərlərə sadiqlik nümayiş etdirməsindən, dünyəvi və demokratik dövlət olaraq Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından ətraflı danışıblar. Eyni zamanda bir sıra radikal dini cərəyanların dini dəyərləri siyasiləşdirməsi işindən, onların bəzi hallarda dövlətçiliyə qarşı yönəlmiş məqsədyönlü niyyətlərindən təəssüf hissi keçirdiklərini qeyd edən natiqlər, birmənalı olaraq bildiriblər ki, Azərbaycanın milli təhlükəsizliyinə yönəlmiş istənilən hərəkətlərin, dövlətçiliyə qarşı təhdidlərin qarşısı xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaq.
Çıxış edənlər mövzu ilə bağlı tövsiyələrini, statistik məlumatları verməklə yanaşı, eyni zamanda qeyd ediblər ki, vətənpərvər, dövlətini və xalqını sevən, hərtərəfli inkişaf etmiş Azərbaycan gəncliyi bu istiqamətdə daim fəallıq göstərəcək, bu kimi radikal mövqe tutan qüvvələrin təsirinə düşməyəcək, əksinə azərbaycançılıq ideyalarının, milli-mənəvi və dini dəyərlərin qorunub saxlanmasında təbliğatçı olaraq daim mübarizlik nümayiş etdirəcəklər.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov və həmin şöbənin məsul işçisi Ülvi Məmmədov da iştirak edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
.png)
.png)
(1).png)
.png)