25.05.2018
Sumqayıtda AXC-nin yaranmasının 100 illiyinə həsr edilmiş tədbir olub
Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Sumqayıt şəhəri 41 nömrəli tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin direktoru Leyla Əliyeva, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Məktəbin direktoru L.Əliyeva AXC-nin yaranmasını dövlətçilik tariximizin qürurverici səhifələrindən olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 16 may 2017-ci il tarixli Sərəncamı, eləcə də 2018-ci ilin “Cümhuriyyət İli” elan etməsi Prezident İlham Əliyevin tarixi keçmişimizə nə qədər böyük dəyər verdiyini göstərir.
DQİDK-nın əməkdaşı Ü.Məmmədov Cümhuriyyətin elan edilməsi, o dövrün ağır şərtləri altında xalqın ziyalılarının, siyasi elitasının müstəqillik uğrunda apardığı mübarizə və müstəqillik ideoloqlarının mühacir həyatı barədə geniş məlumat verib. Komitə əməkdaşı AXC dövründə dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində atılan addımlardan söhbət açaraq bildirib ki, bu sahədə də aparılan ideoloji iş çox effektiv olub.
Tədbirdə o da qeyd olunub ki, AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb.
Natiqlərin çıxışından sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mövzu ilə bağlı video-slaydlar nümayiş etdirilib.