20.04.2016
Sumqayıt və Samuxda maarifləndirmə layihələri uğurla icra olunur
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Aprelin 20-də Sumqayıt Kotec qəsəbəsi “İmam Sadiq” məscidi dini icmasının “ İslamda valideyn- övlad münasibətləri “ layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Sumqayıt şəhəri Musiqi kollecində baş tutan tədbiri direktor müavini Yaşar Məmmədov açaraq, günümüzdə belə tədbirlərin mütəmadi keçirilməsində çox böyük fayda olduğunu qeyd edib. O bildirib ki, milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, onların bu ruhda tərbiyə edilməsi olduqca vacibdir. Sumqayıt şəhəri Kotec qəsəbə məscidinin axundu Mirfəyyaz Fəttayev mövzunu İslam dini baxımından geniş şərh edərək ailə institutu, valideyn-övlad münasibətlərinin milli-mənəvi dəyərlərimizin əsasını təşkil etdiyini vurğulayıb. Tədbirdə iştirak edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxışında ailə sosiologiyası , ailədaxili münasibətlərin psixoloji aspektlərindən bəhs edib. Natiq bildirib ki, cəmiyyətimizdə boşanma hallarının artması, erkən yaşda qurulan nikahlar hər bir vətəndaşımızı narahat etməlidir və bu kimi xoşagəlməz halların qarşısının alınması istiqamətində vətəndaş mövqeyi sərgiləməliyik. Sonda tədbir iştirakçllarının sualları cavablandırılıb və müəssisəyə maarifləndirici ədəbiyyat təqdim edilib.
* * *
* * *
Aprelin 20-də digər maarifləndirmə tədbiri Samux rayon Samux şəhər müsəlmanları dini icmasının həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə ” layihəsi çərçivəsində “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusunda keçirilib.
Samux rayon Qarayeri qəsəbə musiqi məktəbində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin məsləhətçisi Rövşən Hacıyev, dini icmanın sədri İlham Məmmədov, Samux RİH-in İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova və əməkdaşı Azər Əhmədov ,eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samux RİH-in İctimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova, Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Samux rayonunda dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Elnaz Cəfərova bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək. Tədbirdə çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin məsləhətçisi Rövşən Hacıyev Azərbaycan Respublikasının qanunlarında din-dövlət münasibətləri və dini dözümlülük haqqında məlumat verərək, ideoloji maarifçilik işləri aparmaq, gəncləri zərərli xarici ideologiyaların təsirindən qorumağa çalışmaq və dini dözümlülüyə sahib tolerant gənclərin yetişməsi kimi vacib məsələlərin önəmini vurğulayıblar.
Tədbirdə çıxış edən Samux rayon Samux şəhər müsəlmanları dini icmasının sədri İlham Məmmədov dini radikalizmə qarşı mübarizə üsullarından bəhs edib.

.jpg)