14.11.2016
Sumqayıt məktəblilərinə “Fitnə” sənədli filmi nümayiş etdirilib
Noyabrın 14-də Sumqayıt şəhərindəki 15 nömrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Fitnə” sənədli filminin nümayişi keçirilib.
Müəllimlərin, şagirdlərin və DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədovun iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elmira Yaqubova bildirib ki, müasir dövrün ən böyük təhlükəsi dini radikalizm və dini fundamentalizmdir. Cəmiyyətimizi, xüsusilə də gənclərimizi bu bəlalardan qorumaq üçün maarifləndirmə olduqca önəmlidir. Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi dini radikalizmin mahiyyətini anlamaq, onun fəsadlarını görmək baxımından əyani materialdır.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov isə çıxışında dini ayrı-seçkilik, dini ifratçılıq, zərərli dini cərəyanlar barədə şagirdlərə ətraflı məlumat verib. Qeyd edib ki, təqdim olunan film izləyicilərə dini radikalizmin nə olduğunu, onun hansı faciələrə yol açdığını real faktlar əsasında görmək imkanı verəcəkdir.
Filmin nümayişindən sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
.jpg)
