03.11.2016
Sumqayıt məktəbliləri üçün “Fitnə” sənədli filmi nümayiş edilib
Noyabrın 3-də Sumqayıt şəhərində yerləşən 5 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə” sənədli filmi nümayiş edilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, məktəbin direktoru Bəşir Şəfiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəşir Şəfiyev dini fundamentalizm və dini radikalizmin bəşəriyyət üçün çox böyük təhdid olduğunu bildirib. O qeyd edib ki, bəşəriyyətin bir parçası olan bizlər də bu təhdidlərdən kənarda deyilik və zərərli dini cərəyanların təbliğatı ilə məşğul olan missionerlər ölkəmizdə də insanları, xüsusilə də gəncləri öz tərəflərinə çəkərək məkrli planlarını həyata keçirmək istəyir, mövcud stabilliyi pozmağa çalışırlar. “Fitnə” adlı sənədli filmin çəkilməsi və nümayiş etdirilməsində də əsas məqsəd insanlarımıza bu kimi cərəyanların mahiyyətini izah etmək, onları zərərli dini düşüncələrdən qorumaqdır.
Sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov qeyd edib ki, müasiri olduğumuz dövrdə ayrı-ayrı cəmiyyətlərin, dövlətlərin yad ünsürlərin təsiri ilə xaosa sürükləndiyinin şahidi oluruq. Belə yad təsirlərdən biri də zərərli dini cərəyanların, dini radikalizmin təbliğatı və yayılmasıdır. Dövlətçiliyimizi, müstəqilliyimizi, burada mövcud olan dinlərarası və millətlərarası tolerant mühiti qorumaq məqsədi ilə dövlət səviyyəsində bu zərərli təsirlərin mahiyyəti öyrənilir və onlara qarşı mübarizə üsulları müəyyən edilir. Ən effektiv mübarizə üsullarından biri də maarifləndirici filmlərin çəkilməsidir. Məhz bu qəbildən olan “Fitnə” filmi də tədbir iştirakçılarına dini radikalizm və dini ekstremizmin nə olduğunu, onun insan həyatını, cəmiyyəti hansı təhlükələrlə üz-üzə qoya biləcəyini anlamaq imkanı verəcək.
Tədbir iştirakçılarına “Fitnə” filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.