Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.09.2017

“Sülh aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Xətai Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.
Xətai RİH-in 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təşkil olunan tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev, Aslan Sultanov, Xətai rayonu “Mirtağı” məscidi dini icmasının sədri Hacı Mircəfər Nəsirov, məscidin axundu Hacısəlim Kərimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov bildirib ki, Prezident cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən respublikamızda hər il 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bir çox tədbirlər təşkil olunur.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev qeyd edib ki, xalqımız malik olduğu milli-mənəvi dəyərləri tarix boyu inkişaf etdirərək, dövrümüzədək gətirib çıxarıb. O, həm milli-mənəvi dəyərlərimizin, həm  də dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modelinin formalaşmasından bəhs edib.
Sonra mövzu ilə bağlı iştirakçıların çıxışları dinlənilib.

***

 
Sentyabrın 18-də daha bir analoji tədbir DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala bölgə qazılığının birgə təşkilatçılığı ilə keçirilib.
Bakı İslam Universitetinin (BİU) Zaqatala şöbəsində təşkil olunan tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə, Zaqatala bölgə qazısı Malik Bilalov və adıçəkilən ali təhsil ocağının müəllimi Asəf Qənbərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Zaqatala bölgə qazısı Malik Bilalov tədbirin mahiyyətindən bəhs edərək İslam dininin sülh dini olduğunu vurğulayıb.
Daha sonra çıxış edən BİU-nun Zaqatala şöbəsinin müəllimi Asəf Qənbərov sülhün müasir dövrdə zamanın tələbi olduğuna diqqət çəkib, birgəyaşayış modelinin təminatçısı olduğunu dilə gətirib. İslam tarixindəki dözümlülük nümunələrindən misallar gətirən natiq bu dinin insanları daim sülhə və birliyə çağırdığını deyib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə qeyd edib ki, ölkə rəhbərliyinin müvafiq Sərəncamına uyğun olaraq hər il “Sülh aylığı” çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. O, sülh, dözümlülük və milli-mənəvi dəyərlərin təbliğinin davamlı xarakter almasının vacibliyinə diqqət çəkərək, keçirilən tədbirlərin mahiyyətindən söz açıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.