Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.08.2018

“Sülh aylığı” çərçivəsində növbəti tədbir Mingəçevirdə baş tutub

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhəri “Heydər” məscidində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər “Heydər” məscidinin imamları Ələmdar Qiyasov və İlham Səmədov, eləcə də digər məscidlərin imamları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər “Heydər” məscidinin imamı Ələmdar Qiyasov çıxış edərək 21 Sentyabr “Beynəlxalq Sülh Günü” haqqında məlumat verib. O bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Hazırda isə onun sülhpərvər siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirərək, həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına çalışır.
Tədbirdə “Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov dini radikalizmin yaranma səbəblərindən, radikal qrupların təbliğat metodlarından bəhs edərək, onlara qarşı mübarizə üsulları barədə məlumat verib.
Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Sülh Aylığı zorakılığa qarşı” mövzusunda çıxış edərək keçirilən bu cür tədbirlərin dövlət qurumları, qeyri-hökumət təşkilatları və icmaların insan hüquqları sahəsində səmərəli əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Mingəçevir şəhəri “Heydər” məscidinin imam İlham Səmədov İslam dininin sülh və vəhdət missiyasından bəhs edərək, dövlətin dindarlara göstərdiyi qayğıdan söz açıb, Mingəçevir şəhərində dindarlar arasında dini ayrı-seçkiliyin olmadığını qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.