20.10.2017
Sosial ədalət radikalizmə qarşı ən gözəl sığorta vasitəsidir
Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yalman kənd məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi və sosial ədalət” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Elman Əkbərov adına Göyçay şəhər 2 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dövlət Komitəsinin əməkdaşı Aqşin Əliyev, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, dini icma sədri Eldəniz Mehralıyev, məktəbin direktoru Fatma Həmidova, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri ştirak ediblər.
Dini icma sədri Eldəniz Mehralıyev qeyd edib ki, İslam dinində ən çox diqqətçəkən məqamlardan biri də onun cəhalətlə mübarizə aparması, elmə, biliyə, müdrikliyə yüksək qiymət verməsidir.
DQİDK-nın əməkdaşı Aqşin Əliyev deyib ki, sosial ədalət radikalizmə qarşı ən gözəl sığorta vasitəsidir. Natiq radikal və ekstremist meyillərin, dini-etnik münaqişələrin, terror aktlarının xurafatın, mövhumatın geniş yayıldığı, savadsızlığın və sosial bərabərsizliyin hökm sürdüyü regionlarda daha çox intişar tapdığını vurğulayıb.
Göyçay RİH başçısı Aparatının nümayəndəsi Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və məktəb direktoru Fatma Həmidova mövzu ilə bağlı çıxış ediblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.