Siyəzəndə məktəb psixoloqları ilə mənəvi dəyərlərə həsr olunmuş vebinar keçirilib
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Siyəzən rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə Siyəzən rayonunda fəaliyyət göstərən məktəblərin psixoloqları üçün “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” adlı vebinar təşkil olunub.
Vebinarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Siyəzən rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev, rayonunun din xadimləri və məktəb psixoloqları iştirak edib.
Çıxışlarda qeyd edilib ki, gənc nəslin, o cümlədən məktəblilərin mənəvi dəyərlərə bağlılıq ruhunda inkişaf etdirilməsi vacibdir. Məktəb psixoloqlarının şagirdlərin mənəvi səviyyələrinin artmasındakı rolu vurğulanıb, bildirilib ki, məktəblilərin mənəvi cəhətdən yetişməsi üçün çoxsaylı tədbirlər keçirilməli, fərdi iş aparılmalıdır.
Sonda bir-neçə məktəb psixoloqu işlədikləri məktəblərdə mənəviyyatın inkişaf etdirilməsi sahəsində iş təcrübələrini vebinar iştirakçıları ilə bölüşüb, təkliflərlə çıxış ediblər.
