29.09.2016
Siyəzən rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzən şəhərində “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, şöbənin əməkdaşı Vüqar Hümmətov, Maliyyə-təsərrüfat şöbəsinin əməkdaşı Namiq Talıbov, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, QMİ-nin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov "Siyəzən rayonunda dini qurumlarla işin təkmilləşdirilməsi barədə” Siyəzən Rayon İcra Hakimiyyətinin Tədbirlər Planı və icrası barədə məlumat verib. Natiq bildirib ki, Tədbirlər Planı çərçivəsində “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə tədbirlər keçirilib və “Fitnə” sənədli filmi nümayiş etdirilib. O qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsirindən qorumaq və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində Ümummilli Lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkədə insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbiti, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarətin gücləndirilməsi, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində görülən işlərdən və bunların əsasında formalaşan mükəmməl dövlət-din münasibətlərindən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı bayramlarına yüksək hörmət, ehtiram və etiqad mövcuddur. Cənab İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, dünyanın aparıcı 16 universitetində “Azərbaycan multikulturalizmi” adlı fənn tədris edilir.
QMİ-nin Şabran, Siyəzən və Xızı rayonları üzrə qazısı Cavanşir Əfəndiyev çıxışında dövlətin dinə münasibətini xüsusi vurğulayaraq bildirib ki, ölkəmizdə xeyli sayda məscidlərin, sinaqoq və kilsələrin tikilməsi və təmir olunması sevindirici haldır.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
(31).jpg)
(32).jpg)
.jpg)
(22).jpg)