20.04.2016
Sivilizasiyaların toqquşmasından fəal əməkdaşlığa doğru
Azərbaycan bu istiqamətdə qlobal hərəkatın önündə gedir
1993-cü ildə Harvard Universitetinin alimi Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” adlı məqaləsini yazarkən bu araşdırmasının tezliklə politoloji nəzəriyyə kimi qəbul ediləcəyini və dünyanın əsas fikir mərkəzləri tərəfindən yeni tarixi-siyasi istiqamət olaraq tanınacağını ehtimal belə etmirdi. XXI əsrdə sivilizasiyaların toqquşmasının dünya siyasətinin aparıcı amili olacağını və münaqişələrin artıq ideologiyaya, siyasi baxışlara görə deyil, din və mədəniyyətdəki fərqlər əsasında baş verəcəyini iddia edən S. Hantinqtonın ideyaları qısa müddətdə planetin ən populyar diskussiya mövzusuna çevrildi.
Geosiyasi avantüranın qanlı nəticələri
Əslində, bu kütləvi məşhurluqda təəccüblü məqam yox idi. Çünki harvardlı alim sadəcə olaraq “soyuq müharibə”nin bitməsi və sosialist düşərgəsinin tar-mar edilməsindən sonra yeni mərhələyə qədəm qoyan “dünyanın yenidən bölüşdürülməsi” prosesində fövqəlqüvvələrin perspektiv ekspansiya siyasətinə ideoloji zəmin, siyasi əsas yaratmışdı. Yəni kapitalist-sosialist savaş düşərgəsinin dövriyyədən çıxaraq yerini Qərb-Şərq, yaxud xristian-islam qarşıdurma mərkəzinə verməsi üçün “xeyir-dua tezisi” formalaşdırmışdı. “Sivilizasiyaların toqquşması” ideyasının artıq bitkin, konkret fəaliyyət proqramı olaraq tanıdılması və “perspektiv geosiyasi planların müəyyənləşməsində istinad mənbəyi” kimi təqdim edilməsi dünyanın yeni çalxalanmalar astanasında olduğunun anonsu idi.
Əsrimizin bəşəriyyətin mövcudluq dövrünün ən qanlı terror, savaş, faciələr mərhələsinə çevrilməsi əslində məqsədli fəaliyyətin nəticəsidir. Bu niyyəti həyata keçirmək üçün yalnız hərbi arsenal möhkəmləndirilməyib, həm də onun ideya əsasları ictimai şüurun tədavülünə buraxılıb, az qala kütləvi psixoz səviyyəsinə yüksəldilib. Uzun illərdir dünyanın dörd bir tərəfində sivilizasiyalararası ziddiyyətləri təşviq edən, onların hansının üstün, hansının isə primitiv səviyyədən yüksəlmədiyi, mədəni və dini fərqliliklərə tolerant yanaşmağa lüzum olmadığı barədə müzakirələr yürüdülür. İnsanların, ölkələrin, qitələrin təsnifatı aparılır, hətta dünyada hansı mövqedə olmalarının hüdudları belə müəyyənləşir.
Genetik mənşəyinə, dərisinin rənginə, inanc seçiminə görə nəinki insanların təqib olunması, artıq onların dövlətlərinin savaşa sürüklənməsi, məhv olma ərəfəsinə çatması günümüzün gerçəkliyidir. Ən təəssüfedici mənzərə odur ki, bu dəhşətlər və ayrı-seçkiliyin qanlı faktları təbii, normal qarşılanır. 11 sentyabrdan (əl-Qaidənin ABŞ-da törətdiyi məlum terror) sonra yeni siyasi mərhələyə qədəm qoyan dünyada baş verən savaşlar, törədilən terrorlar onların sifarişçilərinin, icraçılarının əməlləri kimi yox, dini və mədəni fərqliliyin təzahürü kimi ictimai rəyə sırınır.
Bu vəhşəti, zülmü, bəşəriyyəti məhvə aparan prosesi dayandırmaq istəyənlərə isə münaqişələrin qaçılmaz olduğu və bunun “Sivilizasiyaların toqquşması”nın məntiqi nəticəsi kimi meydana çıxması barədə “arqumentlər” söylənilir. Amma XXI əsri sivilizasiyaların fəal əməkdaşlıq dövrünə çevirmək niyyətindən irəli gələn təşəbbüslər də bitmir və onlar bu gün dünyada daha çox tərəfdar toplayır.
11 il öncə İspaniya və Türkiyənin birbaşa təklifi ilə Birləşmiş Millətlər Təşkilatında təsis edilən Sivilizasiyalar Alyansı məhz bu zərurətdən yarandı. Qeyd edək ki, bu qurumun formalaşması prosesi heç də rəvan getməyib. İlk mərhələdə meydana çıxan ziddiyyətlər, müzakirələrin uzanması, konkret qərarların qəbulunda prinsipial mövqelərin yoxluğu alyansın yaranmasını gecikdirsə də, nəhayət, 2005-ci ildə ozamankı baş katib Kofi Annan BMT nəzdində bu qurumu rəsmən elan etdi. Müxtəlif mədəniyyətlərə, dinlərə malik olan xalqlar, dövlətlər arasında anlaşmanı və əməkdaşlığı yaratmaq, genişləndirmək, yerli və qlobal miqyasda qütbləşməni aradan qaldırmaq, xüsusən də islam və xristian cəmiyyətləri arasında sağlam münasibətləri qorumaq kimi məramlar BMT SA-nın əsas məqsədi kimi qəbul olundu.
İlk dövrlərdən etibarən alyans BMT-nin dinlər və mədəniyyətlərarası dialoq, anlaşma, əməkdaşlıq üçün əsas platformasına çevrildi və qlobal miyqasda ən nüfuzlu fəaliyyət məkanlarından biri oldu. Sülh, təhlükəsizlik, insan hüquqları, gənclər və miqrasiya məsələləri, fərqli mədəniyyətlər arasında sıx təmas kimi mövzular BMT SA-nın fəaliyyət prioritetləri sırasındadır. Alyansın hazırda 119 dövlət və 26 beynəlxalq təşkilatdan ibarət 145 üzvü var.
Azərbaycanın dünyaya mesajı: fərqliliyimiz zənginliyimizdir
Qurumun indiyədək İspaniya, Türkiyə, Braziliya, Qətər, Avstriya və İndoneziyada 6 qlobal forumu keçirilib. VII forum isə 5 gün sonra Azərbaycanda baş tutacaq.
Uzun illərdir çoxsaylı sammitlərə, beynəlxalq tədbirlərə layiqincə evsahibliyi edən respublikamızda yenidən hansısa mühüm forumun keçirilməsi ilə vətəndaşlarımızı təəccübləndirmək indi mümkün deyil və bu, əslində, sevindirici haldır. Lakin BMT SA-nın bu tədbiri elə vacib mötəbərlilik və əlahiddəlik statusundadır ki, ona evsahibliyi etmək Azərbaycanın beynəlxalq nüfuzuna çox böyük müsbət təsir göstərir. Belə bir yanaşma var ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının forumunun keçirildiyi ölkə həmin müddətdə dünyanın siyasi və akademik fikir mərkəzinə çevrilir, qlobal miqyasda bütün diqqət təşkilatçı dövlətə yönəlir.
Forumun Azərbaycanda keçirilməsini şərtləndirən mühüm amillər var. Əvvəla, BMT öz tədbirlərini üç prioritetə - sülh və təhlükəsizlik, insan hüquqları, inkişaf prinsiplərinə cavab verən ölkələrdə keçirir. Yəni, bu istiqamətlər üzrə Azərbaycan artıq BMT səviyyəsində yüksək nümunə göstərən dövlət kimi qəbul edilir.
Digər tərəfdən, sivilizasiyaların toqquşduğu dünyada Azərbaycan indi bu problemin yaşanmadığı, əksinə, fəal əməkdaşlıq və sıx dialoqun, sağlam təmasın mövcud olduğu az saylı ölkələrdəndir. Fərqli dinlər, mədəniyyətlər, ənənələr daşıyıcısı olan xalqların, etnik qrupların tarixin bütün dövrlərində mehribanlıq və dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığı respublikamız bu gün dünya miqyasında tolerantlığın və multikulturalizmin ən mükəmməl örnəyini yaradıb.
Bu örnəyin, modelin müəllifi Azərbaycan xalqıdır, dövlətidir. Bunu həyata keçirən siyasətin - Prezident İlham Əliyevin kursunun əsas məğzini isə belə ümumiləşdirmək olar: dini, milli, mədəni müxtəliflilik Azərbaycanda ayrı-seçkilik yaratmır, əksinə, fərqlilik Azərbaycan cəmiyyətini zənginləşdirir.
Forumun paytaxtımızda baş tutmasına şərait yaradan digər səbəb isə sivilizasiyalararası əməkdaşlıq və təmasın güclənməsi prosesində Azərbaycanın müstəsna roludur. Belə ki, “Bakı prosesi” islam və xristian cəmiyyətləri arasında mədəni münasibətlərin möhkəmlənməsinə xidmət edən ən səmərəli platformadır. 2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa mədəniyyət nazirlərinin konfransında ilk dəfə olaraq 10 islam ölkəsinin də (ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın) iştirak etməsi ilə yeni bir əməkdaşlıq formatının əsası qoyulmuş, Azərbaycanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul olunmuşdur. 2009-cu ildə isə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövlətinin təmsilçisinin də iştirakı “Bakı prosesi”nin regional təşəbbüsdən qlobal hərəkata çevrilməsinə imkan vermişdir. Bu gün “Bakı prosesi” sivilizasiyalararası əməkdaşlığın effektiv gerçəkləşdiyi ən mükəmməl məkanlardandır.
Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsi artıq tədbirə hazırlıq işlərinin yekunlaşdığını bildirib. Xatırladaq ki, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri də daxil olmaqla 2500-ə yaxın qonağın qatılacağı gözlənilir. Forum çərçivəsində 2 plenar və 16 bölmə iclası keçiriləcək. İclaslarda ekspertlər inklüziv cəmiyyətlərə mane olan mövcud problemlər, ekstremizm və marginallaşmanın qarşısının alınmasına dair mövzuları müzakirə edəcək. Aprelin 25-də Bakıda həm də Gənclər forumu keçiriləcək. Tədbirdə dünyanın 110 ölkəsindən təxminən 150 gənc lider iştirak edəcək.
Azərbaycan dünyanın siyasi xəritəsində nə qədər kiçik yer tutsa da, siyasi mənzərəsində mühüm mövqe və geniş nüfuz sahibidir. Bununla yanaşı, xalqımızın malik olduğu nəcib xüsusiyyətlərin timsalında ölkəmiz bəşəriyyətə mühüm dəyərlər - sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma kimi prinsipləri yayır, təbliğ edir. Demək, Azərbaycanı yaxından tanımağa nə qədər böyük ehtiyac varsa, Azərbaycandan öyrənməyə, nümunə götürməyə də daha çox zərurət duyulur. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Bakı Qlobal Forumunun əsas nəticəsi də məhz bu olacaq...
İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”