13.05.2016
Şirvanda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib
Mayın 13-də Şirvan Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan, Salyan, Neftçala, Sabirabad, Hacıqabul və Saatlı rayonlarının yerli strukturlarının nümayəndələri iştirak ediblər.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Səyavuş Heydərov, DİN-in idarə rəisi Əziz Baxışov, Baş prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev çıxış edərək 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilməsini və multikuturalizmin Azərbaycan modelinin dünyaya nümunə olmasını qeyd ediblər. Bildirilib ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində qarşıya qoyduğu konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar dövlət qurumları, hökumət nümayəndələri ilə yanaşı, hər bir vətəndaşın üzərinə məsul vəzifə qoyur.
Qeyd olunub ki, ölkəmizdə aparılan hüquqi-demokratik islahatlar, vətəndaş cəmiyyəti quruculuğu həyatımızın bütün sahələrini əhatə edir, insanların hüquq və azadlıqlarının, milli-mənəvi dəyərlərinin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Azərbaycanda qəbul edilən qanunlar və normativ aktlar bütövlükdə dini etiqad azadlığını təmin edir və yarana biləcək problemləri həll etmək, dövlət ilə dini qurumlar arasındakı münasibətləri tənzimləmək üçün hüquqi əsas yaradır.
Seminar-müşavirədə vurğulanıb ki, müasir qlobal dünyada bir çox ziddiyyətlər adətən din amili ilə əlaqələndirilir. Bəzi dini təşkilatlar dünyanın ayrı-ayrı dini-ideoloji cərəyanlarının təsiri altında olduğunu iddia edirlər. Diqqətə çatdırılıb ki, respublikamızda milli, ideoloji, informasiya təhlükəsizliyi məsələlərinə ciddi yanaşılır. Hər bir dövlətin əsas funksiyası cəmiyyətdə baş verə biləcək ziddiyyətləri əvvəlcədən görmək və onların qarşısını almaqdır.
Tədbirdə bildirilib ki, hazırda Şirvan şəhərində 9 məscid, 5 dini icma fəaliyyət göstərir. Şəhərdə dini etiqad azadlığı haqqında qanunun bütün tələblərinə əməl olunur.
.jpg)




