03.03.2016
Şirvan şəhərində “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib
Martın 3-də dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Şirvan şəhəri “Şəhər məscidi” dini icmasında “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Azər Sadıqov, Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Bəhruz Müslümov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, dini icma sədri Mircəfər Zəkiyev, dini icmanın üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Şəhər məscidinin icma sədri Mircəfər Zəkiyev layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı gənclərimizin radikal qüvvələrdən qorunması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində də tədbirlər həyata keçirilir.
Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Azər Sadıqov keçirilən layihənin əhəmiyyətindən danışıb. O, dövlət başçısının maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə dini icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və ayrılmış vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliyini bildirib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov da dini radikalizmdən, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği işlərindən bəhs edib.
Tədbirdə Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Bəhruz Müslümov çıxış edərək gənclərimizin radikal cərəyanlardan qorunmasının vacibliyindən, dövlətimizin dinimizə qayğısından, həmçinin milli-mənəvi dəyərlərin təbliğindən danışıb.