29.09.2017
Səyyad Salahlı: “Azərbaycan xalqının mənəvi irsi İslam dəyərləri üzərində formalaşıb”
Sentyabrın 28-29-da Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “Müasir dünyəvi dövlətdə İslam” mövzusunda beynəlxalq konfrans keçirilib. 19 ölkənin hökumət nümayəndələrinin, ilahiyyatçıların və ruhanilərin iştirak etdiyi konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyatçı Aqil Şirinov təmsil ediblər.
Tədbirin təşəbbüskarı olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev çıxışında bildirib ki, dünyada sülhə və sabitliyə nail olmaq üçün milli dəyərləri qorumaq və gücləndirmək lazımdır. Onun sözlərinə görə, yad dəyərlərin İslam adı altında təqdim edilməsi dözümsüzlüyə və nifaqa səbəb olur: “Bu ideoloji fikir ayrılıqlarından istifadə edən din pərdəsi altında gizlənmiş radikal və ekstremist qüvvələr insanların arasına hərc-mərclik salır, silahlı iğtişaşlar və terror aktları törədirlər. Dünyanın heç bir ölkəsi bu cür təhlükələrdən sığortalanmayıb”.
Dini radikalizm və ekstremizmə alternativ kimi dünyada tolerantlıq və birgəyaşayış mədəniyyətinin təbliğ edilməsinin, o cümlədən saf İslam dəyərlərinin qorunub saxlanılmasının və bütün bəşəriyyətin rifahı naminə İslam həmrəyliyinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışılan tədbirdə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı “Dünyəvi dövlətdə İslam: Azərbaycan nümunəsi” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Sovetlər dağıldıqdan və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dinə sərbəstlik verilib, milli-mənəvi dəyərlərə qayıdış prosesi başlayıb və dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu gün ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı tam təmin olunub, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb: “Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırılıb, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyulub. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul olunub ki, bu sənəd vicdan azadlığı sahəsində dünyada ən demokratik qanunlardan biri kimi qarşılanır”.
Dinin dövlətdən ayrı olmasının Konstitusiyamızda da öz əksini tapdığını vurğulayan natiq bildirib ki, bu halda dinin cəmiyyətdəki mövqeyi cəmiyyətin ehtiyacına görə təyin edilir. Dövlətin sosial, siyasi, iqtisadi və hüquqi statusunu müəyyən edən qanunlar hazırlanarkən bu aspekt də nəzərə alınır: “Dinin dövlətdən ayrı olmasına baxmayaraq, Azərbaycan xalqının mənəvi irsi İslam dəyərləri üzərində formalaşıb. Ulu Öndərin “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik” – fikri bu sahədə görüləcək işlərin zəruriliyi baxımından ciddi əsas təşkil edir. Heydər Əliyevin qurduğu Azərbaycan dövlətçiliyi milli-mənəvi, yəni din ilə dövlətin yeni vəhdət modelidir. Bu, əslində, müasir İslam dövlətçiliyinin tələblərinə uyğun gələn sistemdir. İslam dövlətçiliyi təcrübəsində isə din ilə dövlət arasında heç zaman ziddiyyət olmamış, onlar vahid dövlətçilik sistemində vəhdət şəklində inkişaf etmişlər”.
Müxtəlif dinlərə mənsub olan dini icmalara dövlət tərəfindən mütəmadi olaraq dəstək verildiyini söyləyən Səyyad Salahlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən tolerantlıq və mültikultural siyasətin müxtəlif dinlərin qarşılıqlı hörmət şəraitində birgəyaşayışının təmin edilməsinə yönəldiyini qeyd edib: “Bu gün Prezident İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz dinə, vicdan azadlığına münasibətdə nümunəvi dövlətə çevrilib. Ümumiyyətlə, qeyd edilməlidir ki, cənab İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın əsas təminatçısı və himayədarıdır. İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən indiyədək ölkədə dövlətin dəstəyi ilə 250-dək məscid tikilib və ya bərpa edilib. Sovet dövründə Azərbaycanda məscidlərin sayı 17 olduğu halda, hazırda ölkədə 2248 məscid, o cümlədən 14 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması, multikulturalizm sahəsində ən optimal model seçilən Azərbaycan nümunəsinin öyrənilməsi məqsədilə Avropa ölkələrində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılması ölkə başçımızın hər zaman müstəqil, şəffaf və dürüst siyasət tərəfdarı olduğunu bir daha təsdiq edir. Bu sahədə görülən işlərin davamı olaraq, dövlət başçısının müvafiq sərəncamları ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması və bu il çərçivəsində Bakının IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsi ölkəmizin əsrlərboyu formalaşmış milli-mənəvi dəyərlərinin – sülhün, dostluğun, sevginin və birgəyaşayışın dünyaya ixrac edilməsi yolunda mühüm töhfəsidir. Müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verən Prezidentimizin İslam həmrəyliyinə çağırışı müsəlman xalqlarının və ölkələrinin iqtisadi, elmi, mədəni əməkdaşlığına, eyni zamanda İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik, sülh ideyalarını daim diqqət mərkəzində saxlamağa xidmət edir”.
Konfransın işi məruzələr və müzakirələrlə davam edib.