Bu günlərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Qafqaz Universitetləri Birliyi və Milli Tolerantlıq Mərkəzi ilə birlikdə təşkil etdiyi “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəlvətilik” mövzusunda Beynəlxalq Simpoziumun işi qardaş Türkiyə mətbuatında geniş işıqlandırılıb. Türkiyənin “Anadolu”, “Cihan” agentlikləri, o cümlədən “TRT” televiziyası başda olmaqla simpozium haqqında xəbərlər nüfuzlu “Yeni Şafaq”, “Posta”, “Star”, “Dünua bületeyni”, “Aktiv xəbər” və s. qəzetlərin manşetində yer alıb. “Azərbaycanın və Qafqazın Mövlanəsi”, “Məzhəb qardaşlığının simvolu”, “Qardaşlığın və xoşgörünün simvolu – Seyid Yəhya Bakuvi”, “Radikal qruplara qarşı mübarizədə Seyid Yəhya Bakuvi” kimi başlıqlarla dərc edilən xəbərlərdə simpoziumun əhəmiyyəti qeyd olunur. Bildirilir ki, islamafobiyanın yayıldığı bir zamanda Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin üzə çıxarılması və tanıdılması istiqamətində atılan hər bir addım yüksək qiymətləndirilməlidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin UNESCO tərəfindən Seyid Yəhya Bakuvi ili elan olunmasının uğurlu bir addım kimi önə çəkildiyi xəbərlərdə məhz Seyid Yəhya Bakuvinin xəlvətiyyə təriqətinin Qafqazdan başlayaraq Anadolu, Şimali Afrikaya, hətta Uzaq Şərq ölkələrinə qədər yayılması bildirilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü UNESCO tərəfindən elan edilmiş Seyid Yəhya Bakuvi (Şirvani) ili çərçivəsində 30-dan artıq silsilə tədbirlər keçirilmiş və ötən ay Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, Dövlət Komitəsinin və Milli Tolerantlıq Mərkəzinin təşkilatçılığı ilə Seyid Yəhya Bakuviyə həsr edilmiş “Seyid Yəhya Bakuvi: Tolerntlığın ifadəsi” adlanan Simpozium bu silsilə tədbirləri beynəlxalq müstəviyə çıxarmışdır. Eyni zamanda Türkiyədə, bu il Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Əskişəhərdə Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq simpozium keçirilmiş, Bakıdakı simpozium isə onun davamı olmuşdur.
Türkiyə mətbuatından linklər:
DQİDK-nın mətbuat xidməti