Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.08.2019

Şəkidə “Tolerant Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir baş tutub

Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq Şəki Penitensiar Müəssisəsində “Tolerant Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Şəki şəhəri mərkəzi Cümə məscidi dini icmasının imamı Əlyəsə Əslanov, penitensiar müəssisənin rəis müavini  Elçin Cəfərov və məhkumlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müəssisənin rəis müavini  Elçin Cəfərov bu istiqamətdə görülən tədbirlərin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli bildirib ki, Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb. Burada tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Bu gün isə Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açmışdır.

Daha sonra çıxış edən Şəki şəhəri mərkəzi Cümə məscidi dini icmasının imamı Əlyəsə Əslanov qeyd edib ki, təsadüfi deyil ki, tarixin bütün dönəmlərində bu coğrafiyada müxtəlif etnoslar, xalqlar, ayrı-ayrı dinlərə sitayiş edən insanlar əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamışlar.

Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.