27.12.2017
Şəkidə “Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir təşkil ounub
Dekabrın 27-də Şəki şəhər 21 saylı tam orta məktəbində “Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir təşkil ounub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Eldəniz Sadıqov sağlam gənclik və sağlam gələcək üçün bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı mübarizənin vacibliyindən və bu istiqamətdə maarifləndirici tədbirlərin önəmli rolundan danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev mövzu ilə bağlı çıxış edərək bildirib ki, narkomaniya insan səhhəti ilə yanaşı, cəmiyyətin özəyi olan ailə dəyərlərinə ağır zərbə vurur və ağır sosial problemlərə yola açır. G.Paşayev narkomaniyanın bir sosial bəla olaraq ortaya çıxması, “ağ ölümün” yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə törətməsi, ağır xəstəliklərə, cinayət əməllərinə yol açması haqqında tədbir iştirakçılarına geniş məruzə edib.
Mövzu ətrafında ətraflı çıxış edən Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov narkomaniyanın zərərləri və gənclərin narkomaniyaya qurşanma halları, narkomaniya ilə bağlı statistik məlumatları dinləyicilərin diqqətinə çatdırıb, gənclərimizin narkomaniyadan uzaqlaşdırılması üçün görülən tədbirlərdən söz açıb. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəkləri neqativ hallardan danışan V.İsgəndərov bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.