15.03.2016
Şəkidə “Məktəblilərin zərərli dini təbliğatın təsirindən qorunması və onların maarifləndirilməsində müəllimlərin rolu” mövzusunda tədbir keçirilib
Martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məktəblilərin zərərli dini təbliğatın təsirindən qorunması və onların maarifləndirilməsində müəllimlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK Şəki bölgəsi üzrə şöbəsinin, Şəki Şəhər İcra Hakimiyyəti, Qafqaz Müsəlmanları İdarəsinin məsul nümayəndələri ilə yanaşı, Şəkinin ümumtəhsil məktəblərində "Həyat Bilgisi", "İnsan və Cəmiyyət" fənlərini tədris edən bir qrup müəllim də iştirak edib.
Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov tədbirin əhəmiyyətindən söz açaraq radikal dini cərəyanların meydana gəlməsi, ölkə ərazisində yayılması və onun zərərlərindən danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlət-din münasibətləri, Azərbaycanda mövcud multikultural və tolerant dəyərlər haqqında geniş məlumat verib. Dini radikalizm və ona qarşı mübarizənin əhəmiyyətindən danışan Gündüz Paşayev qeyd edib ki, bu istiqamətdə müəllimlərin də üzərinə müəyyən vəzifələr düşür. O deyib ki, məktəblilərə dinlər haqqında sağlam bilgilər verilməli, dini radikalizm, dini ekstremizm və gələcəkdə din adı altında digər zərərli təbliğatların təsirinə məruz qalmamaları üçün məqsədyönlü iş aparılmalıdır.
QMİ-nin bölgə qazısı Kamran Məmmədov dini radikalizmin, din adı altında baş verən silahlı münaqişələrin əslində İslam dini ilə heç bir əlaqəsi olmadığını, İslam dininin sülh dini, bütün insanları elm öyrənməyə, bir-birlərinə qarşı sevgi və ehtiram göstərməyə çağıran din olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



.jpg)