Şəkidə maarifləndirici tədbir keçirilib
Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq Şəki şəhərində yerləşən cəzaçəkmə müəssisəsində “Milli həmrəyliyin möhkəmlənməsində dini həmrəyliyin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, penitensiar müəssisənin rəis müavini Elçin Cəfərov və məhkumlar iştirak ediblər.
Çıxışlarda milli kimliyi formalaşdıran dəyərlərin içərisində din amili tarixin bütün mərhələlərində mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi məhbusların maariflənməsində mühüm rol oynayır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb