Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.05.2017

Şəkidə “İslam dinində mövhumata və xurafata yer yoxdur” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Mayın 18-də Şəki rayon Suçma kənd tam orta məktəbində Suçma kənd  məscidi dini icmasının icra etdiyi “İslam dinində mövhumata və xurafata yer yoxdur” layihəsi çərçivəsində tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Taleh Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki rayon Suçma kənd məscidi dini icmasının sədri Məftun Cəbiyev, məktəb direktoru Alxas Abdurahmanov , müəllimlər və şagirdlər  iştirak ediblər.
İcma sədri Məftun  Cəbiyev tədbiri giriş sözü ilə açaraq icma tərəfindən həyata keçirilən layihə haqqında məlumat verib və mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlət-din münasibətlərindən, dini maarifləndirmə işində dini icmaların rolundan, dövlətin dini sahəyə göstərdiyi qayğı və diqqətdən ətraflı söz açıb. Şöbə müdiri mövhumat, xurafat və dini radikalizm məsələlərinə toxunaraq qeyd edib ki, bu cür mənfi təzahürlərin İslam dini ilə əlaqələndirilməsi yanlışdır və dinimizin müqəddəsliyinə, mütərəqqi və sülhpərvər prinsiplərinə kölgə salır.
Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov mövzu ilə bağlı çıxış edərək bildirib ki, İslam dini mövhumatçılığın və xurafatın əleyhinədir və insanları hər zaman bu cür hallara qarşı mübarizəyə səsləyir. Batil inanclara qarşı ən effektiv mübarizə yolu isə elm və təhsildən keçir.
Suçma kənd orta məktəbin direktoru Alxas Abdurahmanov isə öz çıxışında dini maarifləndirmə işinin əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.