24.01.2017
Şəkidə dini radikalizmlə mübarizə müzakirə olunub
Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Cunud kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə ənənəvi İslam dəyərlərinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində Şəki rayonu Aşağı Göynük kənd orta məktəbində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Şəki rayonu Cunud kənd məscidi dini icmasının sədri Abbas Əliyev, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cunud kənd məscidi dini icmasının sədri Abbas Əliyev həyata keçirilən layihənin məqsədi və əhəmiyyəti haqqında danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verib.
Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov çıxış edərək xalqımızın milli-mənəvi və ənənəvi İslam dəyərlərindən danışıb. O, qeyd edib ki, əgər cəmiyyətdə dini radikalizm geniş yayılarsa, din siyasi məqsədlər üçün alət olarsa o zaman cəmiyyətdə parçalanmalar baş verər və din əsl hədəfindən uzaqlaşar.
Daha sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov bildirib ki, humanitar fənləri tədris edən müəllimlər dərslərdə müəyyən mövzuları dini radikalizmlə əlaqələndirib onun fəsadlarını şagirdlərə çatdırmalıdırlar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.