18.01.2017
Şəkidə dini ekstremizmlə mübarizə mövzusu müzakirə olunub
Yanvarın 18-də Şəki Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki şöbəsinin birgə təşkilatçılığı ilə Şəkidə “Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda tədbir keçirilib.
Şəhər 17 saylı tam orta məktəbdə keçirilən tədbirdə müəllim və şagirdlər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev terrorçuluğun forma və təzahürləri haqqında məlumat verib, onlarla mübarizə tədbirlərindən danışıb. Qeyd edib ki, terrorçuluq beynəlxalq sülh və təhlükəsizliyə, həmçinin fundamental azadlıqların, suverenliyin, ərazi bütövlüyünün, sosial və iqtisadi inkişafın bərqərar olunmasına ciddi təhdiddir. Natiqin sözlərinə görə, terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilib. Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Müasir zamanda terroçuluğun və dini ekstremizmin əsas hədəfləri ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, hakimiyyəti ələ keçirməyə, suveren dövlətlərin ərazilərini qəsb etməyə yönəlib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov isə radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədilə aparılan mübarizənin əhəmiyyətindən danışıb. O, milli-mənəvi dəyərlərin təbliğində, mövcud tolerantlıq mühitinin qorunub saxlanılmasında, gənc nəslin milli ruhda yetişməsində müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bildirib ki, dini ekstremizm və gələcəkdə din adı altında digər zərərli təbliğatların təsirinə məruz qalmamaları üçün gənclərlə məqsədyönlü iş aparılması vacibdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.