13.05.2017
Şəkidə “Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda növbəti tədbir keçirilib
Mayın 12-də Şəkidə “Dini ekstremizm və terrorizmlə mübarizə” mövzusunda növbəti tədbir keçirilib.
"ARB Şəki" televiziya kanalında, həmin media orqanının əməkdaşlarının iştirakı ilə keçirilən tədbir Şəki Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin, DTX-nin Şəki şəhər şöbəsinin və Kanalın birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək cəmiyyətin və dövlətin təhlükəsizliyi əleyhinə yönəlmiş təhdidlərdən söz açıb, xüsusilə terrorçuluğun, ekstremizmin və radikalizmin mahiyyəti, yaranma şəraiti, gerçəkləşdirilmə üsulları və onlardan qorunma yolları barədə geniş məlumat verib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov və "ARB Şəki" media şirkətinin direktoru Rəşad Məmmədov tədbirin əhəmiyyətini vurğulayaraq dini radikalizmlə mübarizədə kütləvi informasiya vasitələrinin rolundan bəhs ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.