Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2017

Şəki Dövlət Regional Kollecində “Bəşəri dəyərlər, dövlətçilik ənənəsi və din” mövzusunda tədbir keçirilib

Oktyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki Dövlət Regional Kollecinin birgə təşəbbüsü ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Bəşəri dəyərlər, dövlətçilik ənənəsi və din” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, kollecin müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə “İslam Həmrəyliyi ili” ilə bağlı kollec tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan kollecin Təlim-tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
QMİ-nin Şəki-Oğuz bölgəsi qazısı Kamran Məmmədov qeyd edib ki, bu gün dünyada baş verən qanlı qarşıdurmaların, neqativ hadisələrin fonunda biz milli-mənəvi dəyərərimizin, adət-ənənələrimizin nə qədər önəm daşıdığının şahidi oluruq. “Bu baxımdam milli-mənəvi dəyərlərimizin bir elementi olan İslam həmrəyliyi böyük əhəmiyyətə malikdir” – deyə o bildirib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev deyib ki, Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələri hər zaman rahat şəkildə yaşayıb və heç zaman dini-etnik zəmində münaqişə baş verməyib. Xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək günümüzədək qoruyub saxlayıb.
Daha sonra çıxış edən Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov bildirib ki, pedaqoji kollektiv ixtisaslı kadrların yetişdirilməsi ilə yanaşı, milli-mənəvi dəyərlərimizə sadiq nəslin formalaşması işinə də böyük əhəmiyyət verir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.