22.12.2017
"Şəhadət" sənədli filmi Şuşa məktəblilərinə nümayiş etdirilib
Dekabrın 22-də Şuşa Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu “Ramana-450” qəsəbəsində yerləşən Şuşa rayonu Malıbəylikənd 1 nömrəli tam orta məktəbində “Dini radikalizm və ekstremizmlə mübarizədə İslamın rolu” adlı tədbir keçirilib.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Şuşa rayonunun imamı Mirabdullah Həsənli, eləcə də müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Azərbaycan övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə milli-mənəvi dəyərlərin və tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasətini uğurla davam etdirməsindən söhbət açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Azərbaycanın tarixboyu digər xalqlara və millətlərə hörmətlə yanaşan, müxtəlif milli-mənəvi dəyərlərin rahat bir şəkildə yaşandığı bir ölkə olduğunu bildirib. Gənclər arasında islami dəyərlərin təbliğinin əhəmiyyətinə toxunan natiq hər bir gəncin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.
Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva “Dini radikalizm və ekstremizmlə mübarizədə İslamın rolu” mövzusundakı çıxışında bildirib ki, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi zəruridir. Dini radikaizmlə mübarizədə maarifləndirmə işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayan G.Babayeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filminin gənclərin maarifləndirilməsində və ölkəmizdə radikalizmlə mübarizədə təbliğat vasitəsi kimi rolundan danışıb.
Şuşa rayonunun imamı Mirabdullah Həsənli dini radikalizm, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verib və dini radikalizmlə mübarizədə, milli-mənəvi dəyərlərin təbliğində əvəzsiz vasitə kimi İslamın rolundan danışıb.
Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin direktoru Günəş Hüseynova milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən tədbirlərin gənclərimizin mənəvi ruhda yetişməsində əhəmiyyətindən danışıb.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunan ”Şəhadət” sənədli filmi nümayiş etdirilib.
.jpg)
.jpg)
.jpg)