15.11.2017
“Şəhadət” sənədli filmi Sumqayıtda nümayiş etdirilib
Noyabrın 15-də Sumqayıt şəhəri 4 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, məktəbin direktoru Səadət Məmmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Y.Abdullayev bildirib ki, ölkəmizdə dini ediqad azadlığı yüksək səviyyədə təmin edilsə də bəzi radikal qruplar bu faktordan istifadə edərək özlərinin zərərli fəaliyyətlərinə zəmin hazırlamağa cəhdlər göstərirlər. Lakin aparılan düzgün maarifləndirmə işləri nəticəsində cəmiyyətimizdə İslam dini mənsublarının radikalizmə sürüklənmə meyillərinin, İslam dini haqqında insanlarda formalaşan mənfi fikirlərin qarşısı alınmaqdadır.
Daha sonra çıxış edən S.Məmmədova qeyd edib ki, şagirdlər qarşısında duran ən başlıca vəzifə savadlanmaq və gələcəkdə xalqımıza, dövlətimizə faydalı vətəndaş kimi formalaşmaqdır.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.