15.11.2017
“Şəhadət” sənədli filmi Qaxda nümayiş etdirilib
Noyabrın 14-də Qax Peşə Liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının əməkdaşı Orxan Səmədov, Peşə Liseyinin müdiri Kamal Muxtarlı, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirin əvvəlində DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov çıxışında "Şəhadət" filminin əhəmiyyətindən bəhs edərək, filmin hazırlanmasında əsas məqsədin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı onları məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra Peşə Liseyinin müdiri Kamal Muxtarlı vətənpərvərlik mövzusunda çıxış edərək təhsilin önəmindən, radikalizmin, cəhalətin və bu kimi mənfi halların yaranmasının əsas səbəbinin savadsızlıq və elmsizlik olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarından bir neçəsi ümumi tədbir iştirakçıları adından çıxış edərək bu formatda filmlərin təqdimatına və maarifləndirmə tədbirlərinin sıx keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.