Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.10.2017

“Şəhadət” filmi Quba şəhərində nümayiş etdirilib

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Quba şəhəri Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, İnsan Hüquqları üzrə müvəkkilin (Ombudsman) Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba rayon Ağsaqqallar şurasının sədri Həsən Günəşli, Quba şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər, rayon ağsaqqalları, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlər baxımından irəlidə addımlayan ölkələrdəndir. 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması və bu il çərçivəsində təkcə yerli səviyyədə deyil, beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, ölkəmizin ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin diqqətini özünə çəkir. E.Nurullayev gənc nəslin mövcud adət-ənənələrimizə sədaqət ruhunda yetişməsinin vacib olduğunu vurğulayaraq bildirib ki, Azərbaycan gəncləri milli adət-ənənələrimizi öyrənməklə yanaşı, ənənəvi İslam dəyərlərini də mənimsəməlidir. Bununla onlar həm özlərini, həm də gələcək nəsli qeyri-ənənəvi dini təriqətlərdən qorumuş olacaqlar.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov dini biliyi az olan gənclərin aldanaraq radikal qrupların əlində alətə çevirildiklərini, daha sonra isə onların müharibə ocaqlarında istifadə edildiklərini diqqətə çatdırıb. Natiq qeyd edib ki, ölkəni müxtəlif yollarla, ailələrini aldadaraq tərk edən gənclər Suriya və digər müharibə gedən ölkələrə çatan kimi peşmanlıq hissi keçirir və aldadıqlarını anlayırlar. Onda isə gec olur və onlar həyatlarını öz əlləri ilə məhv edirlər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib.