08.12.2017
“Şəhadət” filmi “N” saylı hərbi hissədə nümayiş etdirilib
Dekabrın 8-də Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Rahib İbrahimov və hərbi hissə komandirinin Tərbiyəvi İşlər üzrə müavini, polkovnik-leytenant Babək Səmidli başda olmaqla əsgər və zabit heyəti iştrak ediblər.
Hərbi hissə komandirinin Tərbiyəvi İşlər üzrə müavini polkovnik-leytenant Babək Səmidli ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb, tolerantlığın milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. Natiq “Şəhadət” filminin hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov DQİDK-nin sifarişi ilə çəkilmiş “Fitnə”, “Vandalizm” filmləri barədə tədbir iştrakçılarına məlumat verərək bu filmlərin dini maarifləndirmə sahəsindəki uğurlu nəticələri barədə danışmışdır. O, Azərbaycan xalqının əsrlərboyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, bu sahədəki mövcud potensialın inkişaf etdirilməsi, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması istiqamətində görülən tədbirləri də xüsusi qeyd edib. Daha sonra radikalizmin formalaşması, yayılma metodları, əhatə dairəsi barədə məlumat verən Komitə sədrinin müavini bu zərərli tendensiyaya qarşı mübarizə çərçivəsində milli-mənəvi dəyərlərimizin təbliğatının genişləndirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin ən effektiv vasitə olduğunu vurğulayıb.
“Şəhadət” filmi nümayiş etdirildikdən sonra isə tədbir iştrakçıları film barədə öz təəssüratlarını bölüşüblər.

.jpg)


