26.12.2017
“Şəhadət” filmi Güzdək məktəblilərinə nümayiş etdirilib
Dekabrın 26-da Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbdə “Vətənə sədaqətin zirvəsi – Şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, məktəbin direktoru Xuraman Kərimova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Məktəbin direktoru Xuraman Kərimova bildirib ki, vətənpərvərlik insanın ən mühüm keyfiyyətlərindəndir. Bu səbəbdən onun böyüməkdə olan nəslə aşılanması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindəndir. Vətənə sevginin ailədən, məktəbdən başladığını diqqətə çatdıran X.Kərimova şagirdlərin zərərli dini cərəyanların təsirinə düşməməsi üçün təhsilə, biliyə diqqət yetirmələrinin vacib olduğunu vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov bildirib ki, şagirdlərin milli mənlik şüurunun inkişaf etdirilməsi, gənclər arasında vətənpərvərlik hissinin formalaşdırılması və milli-mənəvi dəyərlərimizin təbliği dövlətin prioritet vəzifələrindəndir. O, keçirilən maarifləndirmə tədbirlərinin gənclərin yad dini-ideolj təsirlərindən qorunmasında güclü təsirə malik olduğunu söyləyib.
Tədbirin sonunda “Şəhadət” sənədli filminin nümayişi olub və film ətrafında müzakirələr aparılıb.
.jpg)

