14.12.2017
"Şəhadət" filmi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından çox əhəmiyyətlidir
Dekabrın 14-də Laçından olan məcburi köçkünlərin yerləşdiyi Ağcabədi rayon Taxtakörpü qəsəbəsində, Laçın Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Laçın Rayon Təhsil Şöbəsində (RTŞ) DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.
Tədbirdə Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə film haqqında məlumat verərək bildirib ki, bu, dini radikalizmə qarşı mübarizə mövzusunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş sayca ikinci filmdir. Bu ekran əsərində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizin dövlətimiz və xalqımız tərəfindən necə hörmətlə, ehtiramla yad edildiyi nümayiş olunur, onların valideyinləri övladlarının vətən uğrunda şəhid olmalarından heç də təəssüflənmir, əksinə, qürur hissi keçirirlər. Ümumiyyətlə, “Şəhadət” filmi sənədli filmdir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından çox əhəmiyyətlidir. Ona görə də hesab edirik ki, bütün ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə nümayiş etdirilməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.