30.04.2016
Səbail rayonunda maarifləndirmə tədbiri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri, Səbail rayonu, “Həzrət Məhəmməd” məscidi dini icması tərəfindən “Azərbaycan bayrağı – milli-mənəvi sərvətimiz və bizi xarakterizə edən atribut” layihəsi çərçivəsində aprelin 29-da maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Emin Həsənov və Nuru İmanov, “Həzrət Məhəmməd” məscidi dini icmasının sədri Xanmirzə Bağırov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Emin Həsənov Azərbaycan bayrağının milli-mənəvi dəyərlərimizin əsasını təşkil etdiyini dinləyicilərin diqqətinə çatdırıb. Bildirib ki, multikultural dəyərlərə və tolerant ənənələrə malik ölkəmizdə Azərbaycan bayrağı birləşdirici və bütünləşdirici xüsusiyyətə malikdir.
Daha sonra çıxış edən Nuru İmanov dövlət rəmzi olan bayrağa hörmət və ehtiramın əhəmiyyətindən söhbət açıb. Bununla yanaşı, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğu və bu dəyərlərin tarixi köklərinin möhkəmliyi qeyd edilib.
Sonda “Həzrət Məhəmməd” məscidi dini icmasının sədri Xanmirzə Bağırov maarifləndirmə layihəsinin uğurla yekunlaşması, eləcə də dini icmaya göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.