Səbail rayonunda maarifləndirici tədbir keçirilib
Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonu 189-190 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Samirə Rəhimli, məktəbin direktoru Ceyran Kuliyeva, 2, 7, 49, 50, 51, 91, 160, 163, 203, 236, 239 və 329 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, müəllim, valideyn və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan direktor Ceyran Kuliyeva öz çıxışında ümumtəhsil müəssisələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması məqsədilə keçirilən maarifləndirici tədbirlərin zəruriliyini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafında gənclərin üzərinə düşən vəzifələrdən söz açmaqla yanaşı, onların İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizi hər zaman uca tutmalı olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

