06.12.2017
Səbail məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Səbail rayonunda yerləşən H.Mahmudbəyov adına 2 saylı Texniki-humanitar liseyində maarifləndirici tədbir keçirilib.
“Vətənpərvərlik və şəhidlik” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Amal Məlikov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Orxan Aydınov, liseyin direktoru Bəkir Mustafayev, liseyin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Bəkir Mustafayev gənc nəslin vətənpərvər və mübariz ruhda yetişməsinə xidmət edən maarifləndirici tədbirlərin zəruriliyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin vətənpərvərlik və şəhidliyə verdiyi yüksək dəyərlər barədə danışıb.
Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova gənclərin, xüsusilə də məktəblilərin düzgün tərbiyə olunmasında vətənsevərlik hissinin xüsusi əhəmiyyətindən söz açıb.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.